Yuxarı

Uğurlara imza atmaq peşəkarlığın göstəricisidir

İnsan istəsə çox şeyə nail ola bilər. Yetər ki, məqsədinə çatmaq üçün bütün çətinlikləri göz önünə ala və cəsarəti, iradəsi ilə bu maneələri aşa bilə. Özünə, öz işinə, peşəsinə məsuliyyətlə yanaşan, insanlarla qarşılıqlı münasibəti düzgün qurmağı bacaran, nümunəvi davranışı və rəftarı ilə fərqlənən insanlar isə hər zaman təqdir olunur, irəliyə getməyi bacarırlar...

Çox illər öncə tanıdığım Aytən haqqında o qədər məlumatlı olmasam da, gülərüz, sadə, mehriban bir qız olaraq xatirimdə qalmışdı. M.Ə.Sabir adına kollecin tələbəsi idi o vaxtlar. İllər sonra görüşəndə isə düşüncəsi, həyata baxışı ilə tamam fərqli bir iş xanımı...

Onunla söhbət etdikcə ondakı cəsarət, möhkəm iradə, bitib-tükənmək bilməyən həyat eşqi, gələcəyə olan inam valeh etdi məni. Bəlkə də nə vaxtsa xəyallarını gerçəkləşdirəcəyi, öz ayaqları üstündə duraraq arzularının arxasınca yorulmadan gedəcəyi və sonunda öz işini qurub məqsədinə nail olacağına heç özü də inanmazdı. Axı, gənc, yenicə ailə qurmuş bir xanım üçün heç bir maddi dəstək olmadan şəxsi biznesini qurub, iş həyatına atılmaq o qədər də asan məsələ deyil. Bu yolda ona ən böyük mənəvi dəstək verən isə ailəsi, doğmaları olub. Gücünü ailəsindən alan Aytən iş həyatında ilk addımlarını inamla atır, çətinliklərə baxmayaraq xəyallarını gerçəkləşdirəcəyinə, məqsədinə gec-tez nail olacağına inanır. Həqiqətən də əgər bir insan arzusuna qovuşmağa can atırsa, istəyini reallaşdırmaq üçün əlindən gələni etməlidir. Bu yolda qarşısına çıxan çətinlikləri, problemləri səbirlə, təmkinlə dəf etməyi bacarmalı, maneələri aradan qaldırmaq üçün çaba göstərməlidir. Tutduğun yolda nə qədər çox zəhmət çəkib, əmək sərf etsən, əldə etdiyin nəticə bir o qədər dəyərli, əməyinin bəhrəsi bir o qədər şirin olacaq. Uğur heç vaxt asanlıqla əldə edilmir, bunun üçün çox çalışmaq, mübariz olmaq gərəkdir.

Aytən Muxtarova 1988-ci ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına texnikumda məktəbəqədər və ibtidai sinif müəllimi ixtisasına yiyələnsə də,o, pedaqoji sahəyə deyil, daha çox biznes sahəsinə maraq göstərib. 16 yaşından əmək fəaliyyətinə başlayan Aytən həm dövlət, həm də özəl sektorda müxtəlif sahələrdə çalışıb, iş həyatında müəyyən təcrübələr qazanıb. Sonuncu iş yeri isə bütün növ nəqliyyat xidmətlərini təklif edən, əsasən şəhərimizə gələn xarici qonaqlara, turistlərə xidmət göstərən “Transport” şirkəti olub. Burda çalışdığı illər Aytənin gələcək iş həyatının bünövrəsini qoyur. O, şirkətdə çalışdığı 10 il ərzində şəxsi biznes fəaliyyəti üçün nələrin tələb olunduğunu dərindən anlayır, bunun üçün savadlı, qabiliyyətli olmaqla bərabər həm də gördüyü işi tanıtmağı, işinə sahib çıxmağı bacarmalı olduğunu dərk edir. Bütün bunların öhdəsindən gələcəyinə əmin olaraq Aytən işlədiyi müddətdə böyük zəhmətlə hazırladığı layihələri belə şirkətə təqdim edərək işdən ayrılır, əminliklə yeni iş həyatına başlayır. Həm də maddiyyatsız və müştərisiz.

Bir nəfər köməkçi ilə işə başlayaraq ilk aylar müəyyən çətinliklərlə üzləşsə də, qısa zamanda işlərini yoluna qoymağı bacarır. O, Azərbaycanda ilk olaraq kölgəlilik sistemləri istehsal edən “Smart Tent” MMC-ni qurur. Şirkət qurub, bütün qanunlar çərçivəsində fəaliyyət göstərmək o qədər asan olmasa da, Aytən işinin öhdəsindən uğurla gəlir. Qısa müddətdə əməkdaşlarının sayını artırır, ofisi lazım olan avadanlıqlarla təmin edir.

3 ilə yaxındır ki, fəaliyyət göstərən “Smart Tent” MMC kölgəlilik sistemlərinin istehsalı üzrə fəaliyyət göstərir. Xırda detallar və xammal istisna olmaqla heç bir xarici ölkədən hazır şəkildə konstruksiyalar almayan şirkətdə müxtəlif ölçülərdə, fərqli dizaynlarda kölgəlik sistemləri qurulur. Nəqliyyat vasitələrinin qorunması üçün 4 seqment üzrə parking sistemləri, 9 seqment üzrə hərəkətli və işıqlı tavan sistemləri olan Pergola sistemləri, hər iki tərəfə açılan hərəkətli çətir sistemləri və Mafsallı və ya Sabit tent modelləri daha çox tələbat olan konstruksiyalardır.

“Smart Tent” MMC-nin təsisçisi və direktoru Aytən Muxtarova qısa zaman ərzində qazanılan uğurlardan, ən əsası isə müştəri məmnuniyyətindən danışdı: “Biz işimizə o qədər ciddi, o qədər məsuliyyətlə yanaşırıq ki, müştəri bizdə heç bir qüsur tapa bilməsin. Bəlkə, kənardan baxana bizim işimiz sadə və bəsit görünə bilər. Amma bu, belə deyil. Bir anlıq fikirləşsək ki, şəhərimizin hər tərəfində olan tikililərin əksəriyyətində - ofislər, kafelər, restoranlar, banklar, bağ evləri, çimərliklər və s. yerlərdə quraşdırılan kölgəliklərin əksəriyyəti bizim şirkətdə hazırlanır, o zaman işimişin nə qədər çox və məsuliyyətli olduğunun fərqində olmaq olar. Bakıda bu sahədə yeganə istehsalçı şirkət olan “Smart Tent” MMC quraşdırdığımız konstruksiyaların təmir və servis xidmətlərini təklif etməklə yanaşı, həm də bazarda qiymətlərin aşağı olması üstünlüyünə də malikdir. Çünki biz konstruksiyaları başqa ölkələrdən alıb-satmır, özümüz istehsal edir və öz məhsulumuzu satırıq. Bu da müştərilərimizdə məmnuniyyət yaradır”.

2018-ci ildən fəaliyyətə başlayan “Smart Tent” MMC qısa zaman ərzində öz müştərisini tapıb və sifarişləri vaxtında və yüksək səviyyədə yerinə yetirmək üçün böyük səy göstərir. Alıcının zövqünü oxşamaq, ona istədiyini vermək isə yalnız və yalnız işinin bilicisindən və onun peşəkarlığından asılıdır.

Peşəkarlıq bir fərqlilikdi. Uğurlara imza atmaq, öz məsuliyyətini dərk etmək, gördüyün işlərdə fərqlənmək də elə peşəkarlığın özüdür.

Mehparə ƏLİYEVA,

Mənbə: Respublika qəzeti - https://respublika-news.az/news/ugurlara-imza-atmaq-pesekarligin-gostericisidir